Ukraynadan gələn uşaqlar Qəbələ və Şəkidə turizm obyektlərində olublar
Azərbaycana gətirilən ukraynalı uşaqlar üçün sosial reabilitasiya proqramı çərçivəsində Qəbələ və Şəkiyə ekskursiyalar təşkil edilib.

Azərbaycana Ukraynadan gətirilən uşaqlar üçün davam edən reabilitasiya tədbirləri çərçivəsində Qəbələ və Şəki rayonlarına ekskursiyalar təşkil olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən Vesti.az məlumat yayıb.
Qəbələdə uşaqlar Tarix-diyarşünaslıq muzeyini, “Tufandağ” turizm kompleksini və “Qəbalənd” əyləncə mərkəzini ziyarət ediblər. Şəkidə isə onlar Şəki xanlarının sarayında olublar. Səfərlərin məqsədi uşaqların asudə vaxtının təşkili, ölkənin tarixi, mədəniyyəti və təbiəti ilə tanışlıqdır.
On günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqlarla sosial-psixoloji dəstək və sosial adaptasiya üzrə iş aparılır. Yaxın günlərdə proqram iştirakçılarının ölkənin digər rayonlarına səfərləri də nəzərdə tutulub.